SİYASƏT
Ukraynalı hərbi jurnalist: Mülki əhaliyə qarşı hərbi əməliyyat bəşəri cinayətdir
Kiyev, 7 iyul, AZƏRTAC
Əgər bir tərəf dinc əhaliyə, uşaqlara və yaşlı insanlara qarşı hərbi əməliyyat həyata keçirirsə, bu, bəşəri cinayət hesab edilir. Bunu AZƏRTAC-a açıqlamasında Ukraynanın hərbi jurnalisti Yuriy Melnik deyib.
Y.Melnik bildirib ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanın bu cinayətinə qarşı ən ciddi tədbir görməlidir.
“Mən Dağlıq Qarabağ müharibəsi haqqında çox eşitmişəm. Həqiqətən də Azərbaycanın bir çox şəhər və rayonları işğal olunub. Orada dinc əhaliyə qarşı qəddarlıqlar həyata keçirilib. Mən mətbuatdan oxudum ki, cəbhə bölgəsində 2 yaşlı qız uşağı onun nənəsi növbəti vəhşiliyin qurbanı olub. Həqiqətən də buna vəhşilikdən başqa ad vermək olmaz. Düşünürəm ki, beynəlxalq təşkilatlar buna ciddi reaksiya verməli, işğalçı rejimə qarşı iqtisadi siyasi sanksiyalar tətbiq etməlidir”,- deyə hərbi jurnalist qeyd edib.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri Sahibə Allahverdiyeva və onun nəvəsi Zəhra Quliyeva həlak olub, Sərvinaz Quliyeva isə ağır yaralanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev