SİYASƏT


Ukraynanın Baş naziri GUAM ölkələrinin səfirləri və qurumun baş katibi ilə görüşüb

A+ A

Kiyev, 7 iyul, AZƏRTAC

Ukraynanın Baş naziri Vladimir Qroysmanın Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilata – GUAM-a üzv ölkələrin Kiyevdə akkreditə olunan səfirləri və qurumun baş katibi Altay Əfəndiyev ilə görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a GUAM-ın qərargahından məlumat verilib.

Görüşdə ölkəmizi Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev təmsil edib.

Səfirlər və baş katib qurumun cari inkişafı, müxtəlif istiqamətlər üzrə fəaliyyəti, təşəbbüs və perspektivləri barədə məlumat verərək bildiriblər ki, regional və regionlararası əməkdaşlığın, xüsusən nəqliyyat, iqtisadiyyat, ticarət və turizm sahələrində investisiyaların cəlb olunması üçün GUAM-ın və bütövlükdə regionun yüksək potensialı var.

Ukraynanın Baş naziri bu kontekstdə imzalanmış sənəd əsasında GUAM-a üzv ölkələr arasında azad ticarət zonasının tam fəaliyyətinin, habelə işgüzar təşəbbüslərdə sahibkarlıq fəaliyyətinin başlanılmasının önəmini bildirib. O, GUAM-ın İşgüzar Şurasının fəaliyyətini genişləndirmək üçün azad ticarət zonası çərçivəsində əlverişli biznes-məkanın formalaşdırılmasının vacib olduğunu qeyd edib. Baş nazir bu il GUAM ölkələrinin hökumət başçılarının görüşünün keçirilməsi təşəbbüsünü də irəli sürüb. Onun fikrincə, görüşdə bu və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə oluna bilər.

Görüşdə GUAM –ın başqa ölkələr və beynəlxalq qurumlar ilə əməkdaşlığı, habelə quruma üzv ölkələr arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.