SİYASƏT
Ukraynanın ICTV telekanalı Dağlıq Qarabağda həlak olan qəhrəman xarkovlulardan danışıb VİDEO
Kiyev, 7 may, AZƏRTAC
Ukraynanın müstəqil ICTV telekanalı “Faktı” informasiya buraxılışında Azərbaycanın Milli qəhrəmanları olan xarkovlu Viktor Seryogin və Ruslan Polovinkaya süjet həsr edib.
Ukraynalı jurnalistlər xatırladır ki, 1992-ci il yanvarın 28-də Viktor Seryoginin idarə etdiyi içində 48 sərnişinin olduğu Mi-8 mülki helikopteri ermənilər tərəfindən atılmış “Stinger” istilik raketi ilə vurulub.
Qalina Seryogina telekanalın jurnalistlərinə müsahibəsində ərinin qadınları, uşaqları və qocaları erməni cəlladlarının əlindən xilas etməsindən, habelə ermənilərin dinc əhaliyə divan tutmasından danışıb. O xatırladıb ki, səmada partlayışdan və salonda yanğından sonra Viktor Vasilyeviç aşağı enməkdə olan helikopteri Şuşa şəhərinin yaşayış məhəllələrindən kənara yönəldə bilib, ekipaj və sərnişinlərlə birlikdə həlak olub.
Ukrayna telejurnalistləri Bakıdakı Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin məzarını ziyarət ediblər.
Daha sonra süjetdə əslən Ukraynanın Xarkov vilayətindən olan Azərbaycanın Milli Qəhrəmanı, təyyarəçi Ruslan Polovinka haqqında danışılıb. O, 1991-ci ildən Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlarda iştirak edib və helikopterə düşmən raketinin dəydiyi zaman qəhrəmancasına həlak olub. Ukraynalı təyyarəçi ilə helikopterin ekipajı döyüş meydanından həlak olanları və yaralıları daşıyır, azərbaycanlı ailələri xilas edirdi.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev