SİYASƏT


Ukraynanın Jitomir şəhərində yaşayan həmyerlilərimiz ölkəmizi layiqincə təmsil edirlər

Kiyev, 19 dekabr, AZƏRTAC

Ukraynanın Jitomir şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir təşkil edilib.

Hər il olduğu kimi, bu ildə Ukraynanın bütün region və şəhərlərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş silsilə tədbirlərin təşkilinə başlanılıb.

Jitomir şəhərində keçirilən tədbir Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev, Ukrayna Ali Radasının üzvü Borislav Rozenblat, vilayət deputatı Elena Qalaquza, Jitomir şəhər və vilayət administrasiyasının rəsmi nümayəndələri və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək əsrlər boyu dünyanın müxtəlif ölkələrinə səpələnmiş dünya azərbaycanlılarının vahid dövlətçilik ideyası ətrafında birləşməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Diplomat son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən qlobal sosial-iqtisadi layihələr haqqında ətraflı məlumat verib.

Tədbirdə digər çıxış edənlər də təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın milli məfkurə bayramına çevrildiyini bildiriblər.

Sonra Azər Xudiyev Jitomir vilayətinin qubernatoru İqor Qundiçlə görüşüb.

Azərbaycan və Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən danışan İqor Qundiç Ukraynanın inkişaf etmiş aqrar-sənaye bölgələrindən olan Jitomirlə Azərbaycanın müvafiq bölgələri arasında iqtisadi, ticari, elmi, mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qubernator rəhbərlik etdiyi vilayətdə ondan çox azərbaycanlı iş adamının uğurla fəaliyyət göstərdiyini və hər zaman onlara dəstək verməyə hazır olduğunu bildirib.

İqor Qundiç səfir Azər Xudiyevdən azərbaycanlı iş adamlarının bu bölgəyə sərmayə yatırmasına dəstək verməyi xahiş edib. O, bu məqsədlə 90-dan artıq investisiya proqramlarının hazırlandığını vurğulayıb

Jitomir vilayət rəhbərliyinə Azərbaycanın sosial iqtisadi inkişaf strategiyası haqqında məlumat verən səfir Azər Xudiyev ölkəmizdə kənd təsərrüfatı və aqro-sənaye komplekslərinin inkişafına ayrılan xüsusi diqqətdən bəhs edib. Bu sahədə Jitomir vilayətində fəaliyyət göstərən aqro-sənaye kompleksləri və sənaye müəssisələri ilə Azərbaycanın müvafiq qurumları arasında faydalı əməkdaşlığın qurulmasının vacibliyini bildirib. Ölkəmizdə səmərəli investisiya mühitindən bəhs edən Azər Xudiyev Azərbaycanla işbirliyinə maraq göstərən ukraynalı iş adamlarına istənilən dəstəyi verməyə hazır olduğunu vurğulayıb.

Daha sonra səfir Diaspor mərkəzində olub. Mərkəzin rəhbəri İlqar Məmmədov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı məlumat verib.

Sonra yerli kanallara müsahibə verən Azər Xudiyev Ukrayna-Azərbaycan əlaqələrdən bəhs edib.

Zeynal Ağazadə

AZƏRTAC ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.