CƏMİYYƏT


Ukraynanın Milli Polisi Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürüb

Bakı, 21 aprel, AZƏRTAC

Ukraynada içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu maşınların oğurlanması faktı ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin aidiyyəti qurumlarına yazılı müraciət edərək baş vermiş cinayət hadisəsinin araşdırılmasını tələb edib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Ukraynanın hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə telefon əlaqəsi saxlayan səfir Azər Xudiyev onlara Azərbaycan tərəfinin narahatlığını çatdırıb. Müraciətə ciddi reaksiya verən Ukrayna Milli Polisinin cinayət axtariş departamentinin rəhbəri, polis polkovnik-leytenantı Roman Kravçenko Azərbaycan səfirliyinə gələrək baş vermiş cinayət hadisəsini Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayevlə müzakirə edib.

Görüş zamanı içərisində Azərbaycanın “Araz Supermarket MMC”, “Azersun Holding”, “Veysəloğlu” və digər şirkətlərinə məxsus yüklərin olduğu maşınların qeyri-müəyyən istiqamətə gedərək ünvana çatdırılmaması faktı müzakirə edilib, bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Roman Kravçenko son dövrlər internetdə yüklərin ucuz daşınmasını təklif edən fırıldaqçı qruplar tərəfindən bir neçə belə hadisənin qeydə alındığını nəzərə çatdıraraq, bununla bağlı ciddi araşdırmaların aparıldığını qeyd edib. O, Azərbaycan şirkətlərinə məxsus yüklərin tapılaraq özlərinə qaytarılması üçün ciddi tədbirlərin görüldüyünü və dələduzların tezliklə aşkarlanacağını bildirib.

Azərbaycanın Ukraynadakı səfirliyi Ukrayna ilə işləyən Azərbaycan şirkətlərinin rəhbərlərini son dövrlər internet üzərindən xaricə daşınan malları ucuz qiymətə təklif edən saxta və fırıldaqçı firmaların şirnikləndirici təkliflərinə uymamağa və onları ciddi logistika xidməti ilə məşğul olan şirkətlərlə çalışmağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.