REGİONLAR
Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyasının sədri Qəbələyə səfər edib
Qəbələ, 8 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyasının sədri Aleksey Vitaleviç Mulyarenko tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər edib.
AZƏRTAC xəbər verir ki, qonağı qarşılayan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev görüş zamanı rayonun tarixi, mədəni abidələri, sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və rayonda yaradılan müasir turizm infrastrukturu haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Qəbələdə yaradılan istehsal müəssisələri burada əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin yaradılması ilə yanaşı, rayonun inkişaf dinamikasının tərkib hissəsidir. Diqqətə çatdırılıb ki, Qəbələdə inşa edilən müasir otel, istirahət, müalicə və əyləncə mərkəzləri buraya dincəlmək üçün səfər edən turistlərin sayının ildən-ilə nəzərəçarpacaq dərəcədə artmasına səbəb olur.
Rovno Vilayət Dövlət Administrasiyasının sədri Aleksey Mulyarenko qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, paytaxt Bakı ilə yanaşı, rayonlarda da sürətli inkişafın şahidi olduğunu qeyd edib. Bölgənin füsunkar təbiəti və müasir infrastrukturu haqqında məlumatı olduğunu deyən Aleksey Mulyarenko Rovno vilayəti ilə Qəbələ rayonu arasındakı qarşılıqlı münasibətlərdən danışıb.
Görüşdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Məlumat verilib ki, 2013-cü ilin sentyabrında 6 rayonu əhatə edən Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası ilə Qəbələ Rayon İcra Hakimiyyəti arasında regionlararası əməkdaşlıq haqqında saziş imzalanıb. Həmin vaxtdan bəri iki ölkənin rayonları arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın inkişafı ilə bağlı bir sıra uğurlar əldə edilib.
Qonaq səfər çərçivəsində Qəbələdə Heydər Əliyev Mərkəzi, Qəbələ Mədəniyyət Mərkəzi, “Beltman” piano fabriki, Heydər Əliyev Konqres Mərkəzi, “Gilan Qida” şəhərciyi, Qəbələ şərab və konserv zavodları, “Qafqaz-Karvansaray”, Qafqaz-Resorte” otelləri ilə tanış olub, rayondan xoş təəssüratlarla ayrılıb.