QAN YADDAŞI
Ukraynanın Sumı şəhərində “Xocalı soyqırımı” abidəsi ucaldılacaq
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Sumı şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Fəxri konsulluqdan AZƏRTAC-a daxil olan məlumatda qeyd edilir ki, tədbirdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək ermənilərin son iki əsrdə Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətindən söz açıb. O, 25 il bundan öncə Ermənistan silahlı birləşmələrinin Xocalıda törətdikləri vəhşiliklər haqqında tədbir iştirakçılarına məlumat verib. Xocalı qətliamının XX əsrin ən amansız soyqırımı siyasəti olduğunu diqqətə çatdıran fəxri konsul Sumı şəhərinin mərkəzində “Xocalı soyqırımı” abidəsinin ucaldılması ilə bağlı qərar qəbul olunduğunu vurğulayıb. O, belə bir ədalətli qərarın verilməsinə görə Sumı Vilayət Administrasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbir iştirakçıları Xocalı soyqırımını özündə əks etdirən sənədli filmə baxmaqla ermənilərin şaxtalı fevral gecəsində uşaqlara, qadınlara, qocalara və günahsız insanlara qarşı həyata keçirdikləri vəhşiliklərlə tanış olublar.
Filmə baxdıqdan sonra çıxış edən Sumı vilayətinin qubernatoru Mikola Kluçko ermənilərin Xocalı şəhərində törətdiyi kütləvi qırğınları insanlığa yönəlik bəşəri cinayət adlandırıb. O, aradan 25 il ötməsinə baxmayaraq, dünya birliyinin belə bir amansız qətliama hüquqi-siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirib. Xocalı faciəsini Azərbaycan xalqına qarşı həyata keçirilmiş əsl soyqırımı siyasəti adlandıran qubernator belə bir amansız cinayətdə əli olanların beynəlxalq məhkəmə qarşısında ən ağır cəzaya məhkum olunmasının vacibliyini bildirib.