İDMAN
Ukraynanın populyar “AvtoBiznesTur” jurnalı Bakıda keçiriləcək ilk Avropa oyunları haqqında geniş məqalə dərc edib
Kiyev, 19 dekabr, AZƏRTAC
Ukraynanın “AvtoBiznesTur” adlı populyar reklam-informasiya jurnalında gələn il Bakıda keçiriləcək ilk Avropa oyunlarına həsr olunmuş geniş məqalə dərc edilib. Material nəşrə Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təqdim olunub.
Məqalədə qeyd edilir ki, 2015-ci il oyunları tarixdə Azərbaycanın paytaxtında keçiriləcək ilk Avropa oyunlarıdır.
Məqalədə deyilir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 17 yanvar tarixli Fərmanına əsasən bu möhtəşəm yarışların keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Komitənin sədri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi icraiyyə komitəsinin üzvü, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təyin olunub.
Təşkilat Komitəsinə Azərbaycan nazirlikləri və baş idarələrinin nümayəndələri, çempionlar və idman xadimləri daxildirlər.
Məqalədə gözəl Bakıdan, onun təkrarsız və müasir simasından, yaraşıqlı memarlıq, o cümlədən olimpiya obyektlərindən bəhs olunur.
Jurnalda həmçinin Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkinin sözləri misal gətirilib: “Biz Avropanın idman tarixində ən böyük hadisələrdən biri ərəfəsindəyik. Mən iftixarla deyirəm: ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. Çoxdan gözlədiyimiz körpə, nəhayət, doğuldu! Biz ona qayğı ilə qulluq edəcək, onu böyüdəcək, tərbiyə edəcəyik ki, gözəl Bakı şəhərində hər şey yüksək səviyyədə keçsin. Ən başlıcası isə, bu, başlanğıc – Avropa oyunlarının çoxillik, zəngin və parlaq həyatında ilk səhifə olsun!”
Bundan başqa, məqalədə 2015-ci il oyunlarının beş rəmzi – od, su, simurq quşu, xalça elementləri və əsas milli meyvə sayılan narı özündə birləşdirən loqotipindən, onun müəllifi 35 yaşlı Adəm Yunisovdan bəhs edilir.
Ukrayna oxucuları bu yazıda qarşıdakı Avropa yarışlarının proqramına daxil edilmiş idman növləri barədə məlumat alacaqlar.
“AvtoBiznesTur” jurnalı idman bayramı haqqında daha ətraflı məlumat əldə etmək üçün Təşkilat komitəsinin və Azərbaycanın Ukraynadakı səfirliyinin saytına müraciət etməyi öz oxucularına məsləhət görür.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev