CƏMİYYƏT
Ukraynanın sosial siyasət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək
Bakı, 25 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində elektron texnologiyaların geniş tətbiqi şəraitində aparılan sistem xarakterli islahatlar nəticəsində əldə olunmuş uğurlu təcrübəyə digər ölkələrin aidiyyəti qurumlarının marağı artmaqdadır. Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri üzrə təcrübəsini öyrənməyə, aparılan islahatlarla bağlı təcrübə mübadiləsinə maraq göstərən ölkələrdən biri də Ukraynadır. Bu məqsədlə Ukraynanın sosial siyasət naziri Andrey Revanın rəhbərlik etdiyi nümayəndə heyətinin yanvarın 26-28-də Bakıya səfəri planlaşdırılır.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi və avtomatlaşdırılmış pensiya təminatı sistemi ilə bağlı təqdimatlar edilməsi nəzərdə tutulur. Habelə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əmək bazarının və əmək miqrasiyası proseslərinin tənzimlənməsi, məşğulluq və peşə hazırlığı, əməyin mühafizəsi, əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası və s. məsələlərlə əlaqədar fikir mübadilələri aparılacaq.
Səfər çərçivəsində iki nazirlik arasında əməkdaşlıqla bağlı yeni sənədin imzalanması da gözlənilir.