SİYASƏT
“Ukrinform” Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyi haqda məqalə yayıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Ukrayna Milli İnformasiya Agentliyi (“Ukrinform”) öz saytında “Azərbaycan: demokratiya, tərəqqi və firavanlıq yollarında” sərlövhəli material dərc olunub.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş bu məqalənin müəllifi – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Ukraynadakı xüsusi müxbiri Zeynal Ağazadədir. Müəllif bu əlamətdar hadisənin tarixindən söhbət açaraq vurğulayır ki, 25 il bundan əvvəl məhz oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib.
Materialda daha sonra qeyd edilir ki, bu sənəd Azərbaycan xalqının hələ 1918-ci ilin mayında elan etdiyi Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün hüquqi əsas olub. Konstitusiya Aktının preambulunda xüsusi vurğulanır ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir.
AZƏRTAC-ın xüsusi müxbiri xatırladır ki, bu tarixi hadisədən 25 il keçib. Bu gün Azərbaycan bu əlamətdar yubileyi güclü iqtisadiyyata və yüksək siyasi nüfuza malik olan, sabitliyin hökm sürdüyü bir ölkə kimi qeyd edir, öz uğurlarına yekun vurur və bu uğurlara görə haqlı olaraq fəxr edir.
Materialın sonunda vurğulanır: “Bu il sentyabrın 26-da ölkəmizin tarixində çox mühüm bir hadisə oldu – Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsinə dair ümumxalq səsverməsi (referendum) keçirildi.
Azərbaycan öz Konstitusiyasına dəyişikliklər edəndən sonra demokratiya, tərəqqi, Azərbaycan cəmiyyətinin və dövlətinin həyatının bütün sahələrində dərin islahatlar yolunda uğurlu irəliləyişi davam etdirəcək”.
Məqalənin tam mətni ilə “Ukrinform”un resursunda tanış ola bilərsiniz: