İQTİSADİYYAT
“Ukrzaliznytsia” şirkəti “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının üzvü oldu
Bakı, 3 aprel, AZƏRTAC
“Ukrzaliznytsia” Ukrayna Dəmir Yolları şirkəti “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının bərabərhüquqlu üzvü oldu.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Voytsex Balçun özünün “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, müvafiq qərar assosiasiyanın idarə heyətinin və təşkilatın Bakıda keçirilən ümumi iclasında qəbul edilib.
Voytsex Balçun yazıb: “Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yollarından həmkarlar şirkətimizin atdığı addımı və potensialını yüksək qiymətləndirdilər. Buna görə də bizi birliyin sıralarına qəbul etdilər və dəmir yolları imkanlarının gələcək qarşılıqlı inteqrasiyasında maraqlı olduqlarını bildirdilər”.
Şirkət rəhbərinin sözlərinə görə, bu nəqliyyat dəhlizinin bir hissəsinə çevrilən “Ukrzaliznytsia” onun inkişaf strategiyasına təsir etmək imkanı qazanıb.
Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk konteyner qatarı 2016-cı il yanvarın 15-də Ukraynadan sınaq reysinə çıxıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçir və Avropaya uzanır.