MƏDƏNİYYƏT
“Ulduz” jurnalının yeni nömrəsi çapdan çıxıb
Bakı, 26 noyabr, Flora Şükürova, AZƏRTAC
“Təhsil" nəşriyyatında "Ulduz" jurnalının yeni nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, bu nömrənin ilk səhifəsi tanınmış alim, filologiya elmləri doktoru Gülşən Əliyeva-Kəngərlinin "Hər çapında xüsusi çəki sərgiləyən jurnal” adlı ekspert yazısı ilə açılır.
Jurnalın "Şeir vaxtı" bölməsində şairlər - Əbülfət Mədətoğlu, Əli Aslanoğlu, Zərəngiz Dəmirçi Qayalı, Nazilə Gültac, gənc şair Elşad Ərşadoğlunun şeirləri yer alıb. “Nəsr” bölməsində isə Müşfiq Xanın “özüylə söhbəti…” və “Velosiped” hekayəsi, tanınmış yazıçı Sadıq Elcanlının hekayələri dərc olunub. Jurnalın “Debüd” rubrikasında gənc qələm sahibləri Nərgizin “Kölgə” və Çinarə Nüsrətlinin “Şaxta həkim” hekayələri verilib.
"Tərcümə saatı" bölməsində tanınmış rus şairi Tatyana Umarovanın şeirləri şair İbrahim İlyaslının tərcüməsində dərc olunub. Nəşrin budəfəki nömrəsində ənənəvi olaraq “9x9” rubrikasında Fərqanənin bölgələrdə yaşayan 9 gənc şairə 9 sualı və gənclərin cavabları çap olunub.
Jurnalın əlavəsində “Ulduzlu hədiyyələr” rubrikasında görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun “Elçin. Portret cizgiləri” kitabı oxuculara təqdim olunub.
Jurnalın redaktoru şair-publisist Qulu Ağsəsdir.