İQTİSADİYYAT
“Ulduz” şokolad fabriki "Made in Azerbaijan" brendi ilə "THAIFEX-WORLD of ASIA" sərgisində iştirak edir
Bakı, 2 iyun, AZƏRTAC
“Ulduz” şokolad fabriki “Made in Azerbaijan” brendi ilə Tailandda Asiyanın ən iri “THAIFEX-WORLD of ASIA” sərgisində iştirak edir. Azərbaycanı təmsil edən stend Asiyanın ən böyük ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub.
Şirkətin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq sərgidə iştirak edən fabrikin direktor müavini Elnur Allahverdiyev deyib ki, fabrik ölkəmizi qənnadı sektorunda öz sözünü demiş, rəqabətqabiliyyətli keyfiyyətli məhsulları ilə təmsil edir. Ulduz şokolad fabriki özünün bir neçə yeni çeşidləri ilə sərgiyə qatılıb.
“150-yə yaxın ölkənin iştirak etdiyi Asiyanın ən iri sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edirik. Sərgiyə qatılan iştirakçıların əksəriyyəti Azərbaycan məhsulları ilə yanaşı, ölkəmiz haqqında geniş məlumatlar əldə edirlər. Bundan başqa, Tailandın televiziya kanalları da “Ulduz” şokolad fabriki haqqında geniş reportaj hazırlayıb”, - deyə E.Allahverdiyev vurğulayıb.
Sərgi iyunun 4-dək davam edəcək.
Qeyd edək ki, 2016-cı ildə keçirilmiş “THAIFEX-WORLD of ASIA” beynəlxalq sərgisinə dünyanın 140 ölkəsindən 42 min izləyici qatılmışdır.
Xatırladaq ki, 2001-ci ildən fəaliyyətə başlamış “Ulduz” şokolad fabriki yerli bazarla yanaşı, dünyanın 20-dən artıq ölkəsinə məhsul ixrac edir.