İQTİSADİYYAT


Ulrike Andres: TAP üzrə Albaniyada 120 kilometrədək boru qaynaq edilib

Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC 

“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin tikintisi üzrə Albaniyada 120 kilometrədək boru qaynaq olunub.

AZƏRTAC-a eksklüziv müsahibəsində bu barədə məlumat verən boru kəmərinin operatoru TAP AG şirkətinin kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres deyib ki, layihə qrafikə uyğun icra edilir: “İndiyədək Albaniyada TAP kəməri marşrutu üzrə 133 kilometr ərazi təmizlənib, 127 kilometr məsafədə borular xətt boyunca düzülüb. Boruların 118 kilometri qaynaq edilib. Təxminən 99 kilometr boru isə qaynaq edildikdən sonra torpaq altına basdırılıb. Xətt boyunca 59 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib”.

“Fier rayonunda kompressor, Korça regionunda isə ölçmə və klapan stansiyalarında tikinti işləri planlaşdırıldığı kimi irəliləyir”, - deyə TAP AG-nin kommersiya və xarici əlaqələr üzrə direktoru əlavə edib.

Qeyd edək ki, Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi artıq başa çatıb. Bu mərhələdə təxminən 58 kilometr yolun, iki yeni körpünün tikintisi və 40 körpünün əsaslı təmiri, modernləşdirilməsi həyata keçirilib. Bu il Albaniyada TAP layihəsinə sərmayə qoyuluşu 400 milyon avro civarında olacaq. Ümumilikdə, TAP-ın Albaniya hissəsi 1,5 milyard avroya başa gələcək.

Albaniya Bankı (“Bank of Albania”) tərəfindən yayılan məlumata görə, ötən il bu ölkədə TAP layihəsinə yatırılan 369 milyon avro dəyərindəki sərmayə birbaşa xarici investisiyaların ümumi həcminin 40 faizini təşkil edib.

Xatırladaq ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 47 faizi icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxildir. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilin əvvəllərinə planlaşdırılır. Bu yaxınlarda layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə - Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür. Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları arasında bölgü belədir: BP - 20 faiz, “Cənub Qaz Dəhlizi” QSC - 20 faiz, “Snam S.p.A.” - 20 faiz, “Fluxys” - 19 faiz, “Enagás” - 16 faiz və “Axpo” - 5 faiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.