CƏMİYYƏT
Ulu Öndər Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rol oynayıb
Bakı, 11 dekabr, AZƏRTAC
Ombudsman Aparatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətlərdən danışıb, Ulu Öndərin ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsindəki əvəzsiz rolundan bəhs edib.
Qeyd olunub ki, “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini söyləyən bu fenomen şəxsiyyətin ən böyük amalı müstəqil dövlətimizin davamlı inkişafına nail olmaq idi. Ümummilli Liderin respublikamızda hər bir sahənin inkişafına, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsi və təmininə böyük diqqət göstərdiyi vurğulayıb.
Qeyd edilib ki, müstəqillik, demokratiya yolu ilə irəliləyən xalqımız insan və vətəndaş hüquqlarının müdafiəsi, yeni institutların yaradılması sahəsində Heydər Əliyevin bünövrəsini qoyduğu qətiyyətli siyasətdən bəhrələnib. Ulu Öndərin banisi olduğu, 15 il ərzində müstəqil fəaliyyət göstərən ombudsman təsisatı bunun bariz nümunəsidir.
Bildirilib ki, ölkəmizin konkret inkişaf mərhələsinə uyğun olaraq, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliyini artırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də imzalanan Sərəncam ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi.
Ombudsman qeyd edib ki, Ulu Öndərin siyasi kursunun ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə sabitlik möhkəmlənib, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirib.