SİYASƏT
Ulu Öndər Heydər Əliyevin xatirəsi Ankarada yad olunub
İstanbul, 15 dekabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Türkiyə - Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və Azərbaycanda fəaliyyət göstərən “Yeni yurd” Sosial İnkişaf İctimai Birliyinin Ankarada birgə təşkil etdiyi tədbirdə ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Ulu Öndərin mənalı ömür yolu, zəngin siyasi fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Türkiyə - Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının fəxri sədri Yücəl Artantaş, qurumun sədri Əziz Kaygısız, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin rəhbəri Mahirə Əsədova və başqaları xalqımızın xilaskarı, türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin həyata keçirdiyi siyasətin real nəticələrindən bəhs ediblər. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərin inkişafına xüsusi önəm verirdi. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxış edənlər bu siyasəti Azərbaycanın çiçəklənməsinin, eləcə də iki ölkə arasında qardaşlıq münasibətlərinin inkişafının təminatı kimi dəyərləndiriblər.
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul