REGİONLAR
Ulu Öndər mirasıdır yurdum Azərbaycan!
Bakı, 21 aprel, AZƏRTAC
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi çərçivəsində Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin icraçı direktoru Anar Məhərrəmov tədbirin mövzusu barədə məlumat verib.
Sonra çıxış edən Birliyin sədri İsgəndər Ağakişiyev tədbir iştirakçılarına qurumun yaranma səbəbi, məqsədi, həyata keçirilən layihələrin əhəmiyyəti barədə söz açıb.
Layihənin eksperti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Elnur Bağırlı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikada əldə olunan uğurlardan danışıb. O, gənclərimizi Vətənə layiqli, vətənpərvərlik ruhunda tərbiyə olunmağa, Milli qəhrəmanlar Mübariz İbrahimov və Fərid Əhmədov kimi vətənsevər, qorxmaz və mərd olmağa səsləyib.
E.Bağırlı gənclərin fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması, gənclər arasında təbliğat işinin gücləndirilməsi üçün respublikamızda hər bir şəraitin yaradılmasından da bəhs edib.
Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.