REGİONLAR
Ulu Öndər xalqımız qarşısında misilsiz xidmətləri ilə hər birimizin qəlbində yaşayır
6 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün hər birimizin qəlbində yaşayır. Dahi rəhbərin Vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilas olunması, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri onu hələ sağlığında xalqımızın Ümummilli Liderinə çevirib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Müstəqil Azərbaycanın qurucusu” mövzusunda keçirilən açıq dərsdə bu barədə danışılıb.
Məktəbin tarix müəllimi Könül Ramazanova bildirib ki, yüksək idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik Ulu Öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl ölkə səviyyəsinə yüksəldə bilib. Ölkəmizin keçmiş sovetlər dövründə müttəfiq respublikalar içərisində qabaqcıl mövqeyə yüksəlməsi, daha sonra yenidən müstəqil dövlət kimi dünyanın geosiyasi xəritəsində yer alması, güclənməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunub ki, xalqımızın böyük oğlu Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi deyil, həm də yaratdığı dövlətin möhkəmliyini, dayanıqlılığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi xalqımızın qəlbində yaşayır. Qüdrətli siyasətçinin əzmi və iradəsi ilə Azərbaycan dövləti ağır sınaqlardan uğurla çıxaraq parçalanmaqdan, məhv olmaq təhlükəsindən xilas olub.
Sonra şagirdlər “Ulu Öndər, ulu torpaq” adlı filmə baxıb, muzeyin ekspozisiyası ilə tanış olublar.