CƏMİYYƏT
Ulu Öndər zamanın məhvərinə sığmayan bir şəxsiyyətdir
Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyev zamanın məhvərinə sığmayan bir şəxsiyyətdir. Dahi Heydər Əliyevlə bağlı böyük əsər üzərində çalışıram və uğurla davam etdirirəm. “Dahi” adlanan bu poemada Ulu Öndərin həyatı, fəaliyyəti, onun fədakarlığı, Azərbaycan xalqının mənəvi dəyərlərinə olan ehtiramı, xalqına olan sevgisini mən çox böyük ruh yüksəkliyi ilə yazıram, yaradıram.
Bu sözləri AZƏRTAC-a müsahibəsində mayın 10-da ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn şair Qurban Hüseynoğlu söyləyib.
Şair deyib: “Əsəri qısa bir zamanda ərsəyə gətirmək mümkün deyil. Çünki böyük şəxsiyyət haqqında bir əsəri tamamlamaq üçün uzun zaman lazımdır. Poemada Ulu Öndərin Azərbaycan mədəniyyəti, incəsənəti, elmi üçün gördüyü təkrarsız işlər əksini tapır”.
Qurban Hüseynoğlu bu əsərin onun yaradıcılığında çox dəyərli yer tutacağını bildirərək vurğulayıb ki, poemanı Ulu Öndərin anadan olmasının 95 illiyində kitab şəklində çap etmək niyyətindədir.