SİYASƏT


Ulu Öndərin anadan olmasının 94-cü ildönümü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib VİDEO

Bakı, 8 may, Xəyalə Məmmədova, AZƏRTAC

Mayın 8-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycanın bugünkü inkişafı və qüdrəti Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb. Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq dövlətimizin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirib.

Daimi nümayəndəliyin rəhbəri müstəqil Azərbaycanın bugünkü inkişafından danışarkən qeyd edib ki, bu inkişaf, ilk növbədə, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir. İllər ötdükcə ulu öndər Heydər Əliyevin böyüklüyü daha dərindən dərk edilir. Ümummilli Liderin zəngin irsinə dərin ehtiram, siyasi xəttinə dönməz sədaqət daha uğurlu nəticələrə, işıqlı gələcəyə yol açır. “Heydər Əliyev siyasətinə, şəxsiyyətinə dərin sədaqət və əzmkarlıq ifadə olunan siyasi məktəbin məhz Naxçıvanla birbaşa bağlı olduğunu nəzərə alsaq, şəxsiyyət və torpaq məfhumlarının müqayisəli ifadələrinə bəraət verə, onu təqdir edə bilərik”, - deyə Bəxtiyar Əsgərov vurğulayıb.

Bildirilib ki, Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirmişdi. Ümummilli Lider həmişə inandığı və etibar etdiyi xalqına müraciətində deyib: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndər bu sözləri ilə əslində müəllifi olduğu Azərbaycan dövlətinin özündən sonrakı yol xəritəsini göstərib və müdrik dövlət rəhbəri Prezident İlham Əliyev şəxsiyyətini xalqa və bütün dünyaya iftixar hissi ilə təqdim edib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası da bugünkü həyatını və inkişafını məhz ulu öndər Heydər Əliyevə borcludur. Vaxtilə ulu öndər Heydər Əliyevin verdiyi müdrik qərarlar nəticəsində Naxçıvan öz həyatının yeni və müqayisəsiz dövrünə qədəm qoyub. Heydər Əliyevin iti düşüncəsi, uzaqgörən siyasəti və Azərbaycanın milli maraqlarına cavab verən fəaliyyəti onu bir daha layiqli Azərbaycan övladını - əsl vətəndaş, dərin düşüncə sahibi, Heydər Əliyevə sədaqət məktəbinin öncülü Vasif Talıbovu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədr seçməyə, ona Naxçıvanın və müstəqil Azərbaycanın inkişafı yolunda geniş fəaliyyət sferası açmağı sövq edib. Ali Məclisin Sədri seçilən Vasif Talıbov ötən dövr ərzində göstərdiyi fəaliyyət uğurları ilə böyük Heydər Əliyevin seçimində qətiyyən yanılmadığını nəinki bir daha sübut edib, Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərtərəfli, sürətli inkişafının aparıcı simalarından birinə çevrilib.

Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev, deputatlar Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Jalə Əliyeva, Sona Əliyeva, Rövşən Rzayev, Vahid Əhmədov və başqaları vurğulayıblar ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti Vətənə və xalqa sonsuz bağlılıq hissinin parlaq nümunəsi olmaqla, mənəvi kamilliklə siyasi müdrikliyin bütövlüyünü təcəssüm etdirir. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti müstəqilliyin ilk illərindən respublikada baş verən xaos və anarxiya elementlərinin qısa müddətdə aradan qalxmasına, dərinləşən sosial-iqtisadi böhranın qarşısının alınmasına imkan verib. Yaşadığımız tarix dahi şəxsiyyətin uzaqgörənliyini təsdiq etdi. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə qısa müddətdə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev artıq ötən illər ərzində Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ləyaqətlə gəlib və gəlməkdədir. Bu uğurların müəllifi olan ulu öndər Heydər Əliyevin adı isə Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.