SİYASƏT


Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olub

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.

AzTU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov bu günün tarixi haqqında məlumat verib, dövlət müstəqilliyimizin keçdiyi yoldan danışıb. Bildirilib ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malikdir. Bu ənənələrinin məntiqi davamı olaraq 98 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub. Lakin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm rol oynayan cümhuriyyətin ömrü çox qısa olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edilib.

X.Yahudov müstəqilliyin ilk illərində Azərbaycanın dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdiyini xatırladıb. Bildirilib ki, xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edilib. Həmçinin ictimai-siyasi sabitlik bərqərar olub və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradılıb.

Digər çıxış edənlər də dövlət müstəqilliyimizin sarsılmaz köklərə dayandığını vurğulayıblar. Qeyd edilib ki, Azərbaycanın bugünkü inkişaf yolu məhz o vaxtlar Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.