CƏMİYYƏT
Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanı bəlalardan xilas etdi
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Yeni Azərbaycan Partiyası və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda konfrans keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.
Azərbaycanın dövlət himni səsləndikdən sonra “Tarixi yaradan şəxsiyyət” adlı sənədli film nümayiş olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Azərbaycanın müstəqillik tarixi barədə ətraflı danışıb. Qeyd edib ki, 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. İcra başçısı tarix üçün uzun olmayan bu son 25 ildə Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini xüsusi vurğulayaraq deyib: “Bu 25 ilin heç də bütün dövrləri müsbət siyasi-iqtisadi proseslərlə yadda qalmayıb. 1991-1993-cü illərdə hakimiyyətdəki səriştəsizliyin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi. Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmlənməsinə xidmət edən başlıca amil oldu. Xalqımızın dahi oğlunun ölkədə hakimiyyətə dönüşü ilə respublikamızın 1920-ci ildəki aqibətinin təkrarlanması təhlükəsinə son qoyuldu”.
İ.Abbasov Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, dövlətimizin başçısının uğurlu, düşünülmüş siyasəti nəticəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmlənib. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Bütün bunlar təbii ki, Heydər Əliyevin ideyalarının yaşamasının, Prezident İlham Əliyevin müstəqilliyimizin, dövlətçiliyimizin qüdrətlənməsinə hesablanmış əməli siyasi fəaliyyətinin nəticəsidir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü Mübariz Qurbanlı çıxış edərək bildirib ki, tarixi müstəqilliyin ötən hər bir ili ölkəmiz və xalqımız üçün son dərəcə məsuliyyətli dövr kimi yaddaşlarda qalıb. Xalqımız azadlığa, müstəqilliyə qovuşmaq, öz taleyini sərbəst şəkildə müəyyənləşdirmək üçün əsrlər boyu qanlı mübarizələr aparıb. Bu mübarizələrə Azərbaycanın bir çox tarixi şəxsiyyətləri rəhbərlik edib, milli azadlıq mübarizəsinin önündə gedərək göstərdikləri misilsiz qəhrəmanlıqlarla adlarını tarixin yaddaşına yazıblar.
Milli Məclisin deputatı Ağacan Abıyev, YAP Suraxanı rayon təşkilatının gənclər birliyinin sədri Kənan Kərimov, yazıçı–publisist Təranə Cəbiyeva çıxışlarında xalqımızın müstəqillik uğrunda apardığı çoxillik mübarizədən, istiqlaliyyətini bərpa etmiş Azərbaycanın ilk iki ildə üzləşdiyi fəlakət və sarsıntılardan, eyni zamanda, Ermənistanın hərbi təcavüzü və azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətindən, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından, onun xilaskarlıq missiyasından, sonrakı illərdə dövlətçiliyimizin möhkəm zəmin əsasında formalaşdırılmasından söz açıblar.
Sonda konfrans iştirakçılarına musiqili ədəbi-bədii kompozisiya təqdim olunub.