REGİONLAR


Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni tarixi mərhələnin əsası qoyulub

Şərur, 14 iyun, AZƏRTAC

Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatında Milli Qurtuluş Günü münasibətilə keçirilən elmi-praktik konfransda çıxış edən partiyanın rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev tərəfindən səsləndirilib. Əmir Babayev bildirib ki, Ulu Öndər xalqımıza həm də zəngin maddi və mənəvi dəyərləri olan, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini əmanət edib. Qədirbilən xalqımız Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyü işləri heç vaxt unutmayacaq.

Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatı idarə heyətinin üzvü Ünbülbanu Musayeva, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru İmran Əliyev, partiya fəalı Sevda Seyidova çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra siyasi müdrikliyi, polad iradəsi və yüksək səviyyədə idarəetmə bacarığı sayəsində qarşıya çıxan bütün maneələri dəf edib, Azərbaycan xalqını bəlalardan qurtarıb. Dahi şəxsiyyət müasir dünyanın ziddiyyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi, ilk növbədə, beynəlxalq müstəvidə əlaqələrin qurulmasına çalışıb, beləliklə də, dünya dövlətlərinin diqqətini təbii ehtiyatlarla zəngin olan Azərbaycana yönəldə bilib. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni tarixi mərhələnin əsası qoyulub: ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, ictimai münasibətlər sistemi təkmil bir strategiya əsasında inkişaf edib, iqtisadi tənəzzülə son qoyulub, strateji inkişaf xətti müəyyənləşdirilib. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin sosial-iqtisadi dayaqlarını möhkəmləndirib və respublikanın ümumi inkişafını təmin edib.

Çıxışlarda vurğulanıb ki, bugünkü müstəqil, güclü Azərbaycan dövləti Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin yadigarıdır. Bu böyük şəxsiyyətin ölkəmizin qüdrətlənməsinə, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş siyasəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

X X X

Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan başlanan yol” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvanda fəaliyyət göstərdiyi müddətdə əsl vətənpərvərlik, liderlik qabiliyyəti ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak edirdi. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atıldı. 1993-cü ilin iyununda – son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, respublikanı parçalanmaq təhlükəsindən qorumaqla, sözün əsl mənasında, milli qurtuluşu təmin etdi. 15 iyun günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Arif Qasımov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəmizin çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub. Məhz bu qayıdış sayəsində Azərbaycan üçün çoxdan hazırlanan məkrli planların qarşısına möhkəm sipər çəkildi, siyasi varlığımıza doğru uzanan xain əllər kəsildi, dövlətimizin müstəqilliyi əbədi, dönməz, sarsılmaz oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bütün problemlər aradan qaldırıldı, müstəqil Azərbaycan inkişaf etdi, möhkəmləndi və demokratik, dünyəvi bir dövlətə çevrildi. Təşkilatın sədri Ümummilli Liderin siyasi kursunun bu gün ölkə başçısı İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirildiyini, bu siyasətin xalqımıza parlaq, firavan gələcək bəxş etdiyini bildirib.

Tədbirdə çıxış edən partiya fəalları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar.

Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, rayon məktəbliləri tərəfindən Milli Qurtuluş Gününə həsr edilən şeirlər bədii qiraət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.