SİYASƏT
Ulu Öndərin hakimiyyətə qayıdışı müstəqilliyimizə yeni nəfəs verib
Bakı, 17 oktyabr, AZƏRTAC
Qaradağ rayonunun Puta qəsəbəsindəki Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbdə müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a bildiriblər ki, tədbirdə RİH başçısının müavini Təranə İsmayılova 25 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində mühüm hadisə kimi dəyərləndirib. Vurğulanıb ki, 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq Azərbaycan parlamenti avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya Aktını qəbul edib. Lakin həmin dövrdə ölkədə mürəkkəb proseslər cərəyan edirdi, vətəndaş müharibəsi və ölkəmizin müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı. Azərbaycan xalqının təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edildi. Hazırda müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, dövlətçiliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır və inkişaf etdirilir.
Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı və digər çıxış edənlər bildiriblər ki, Ümummilli Liderin hakimiyyətə qayıdışı elm sahəsinin müstəqil inkişafına da müsbət təsirini göstərib, müstəqilliyimizə yeni nəfəs verib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyaya inteqrasiya edən sivil və intellektual baxımdan zəngin dövlətlərdən biridir.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanda bütün istiqamətlərdə böyük nailiyyətlər əldə olunub.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.