REGİONLAR
Ulu Öndərin həyatı və siyasi fəaliyyətindən bəhs edən “Qayıdış” sənədli filmi nümayiş olunub
Naxçıvan, 8 iyun, AZƏRTAC
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “Qayıdış” sənədli filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkil etdiyi tədbirdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər.
Filmdə ölkəmizə rəhbərlik etdiyi illərdə ümummilli lider Heydər Əliyevin xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarmasından, Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən etməsindən və onun həyata keçirilməsi üçün mühüm addımlar atmasından bəhs olunur. Eyni zamanda, filmdə Azərbaycançılıq məfkurəsinin ideoloji əsaslarını qoyan Ulu Öndərin müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli və mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafındakı rolu öz əksini tapıb.