REGİONLAR
Ulu Öndərin müdrik daxili və xarici siyasət kursu Azərbaycanı uğurlu gələcəyə aparır
Zərdab, 19 oktyabr, AZƏRTAC
Zərdabda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan təntənəli yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, ictimaiyyətin çoxsaylı nümayəndələrinin qatıldığı tədbirin iştirakçıları əvvəlcə görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək düzüblər.
Təntənəli yığıncaqda müstəqillik illərində ölkəmizin qazandığı uğurları əks etdirən videoçarx nümayiş etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev dövlət müstəqilliyimizin bərpasının 25 illiyi münasibətilə iştirakçıları təbrik edib, o illər baş verən tarixi hadisələrdən söz açıb. Bildirib ki, 1991-ci il oktyabrın 18-də respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz dövlət müstəqilliyini elan etsə də, suverenliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətləri ilə bağlıdır. Yalnız onun qətiyyəti, müdrikliyi nəticəsində ölkədə qeyri-sabitliyə, vətəndaş müharibəsi təhlükəsinə, daxili və xarici təzyiqlərə, dövlət çevrilişi cəhdlərinə son qoyuldu. Azərbaycanda bütün sahələrdə inkişafa start verildi. Torpaq islahatları və neft strategiyası həyata keçirildi. Respublikamızda güclü infrastruktura və inkişaf potensialına malik iqtisadiyyat quruldu.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyətləri sayəsində Azərbaycanın regionun ən qüdrətli ölkəsinə çevrildiyini konkret faktlarla diqqətə çatdırıblar. Vurğulanıb ki, Ulu Öndərin müdrik daxili və xarici siyasət kursu Azərbaycanı uğurlu gələcəyə aparır. Ötən illərdə digər bölgələrimiz kimi, Zərdab rayonu da öz simasını xeyli dəyişib. Son illərdə rayonda 350-yə yaxın müxtəlif təyinatlı obyekt istifadəyə verilib. Kəndlərdə yeni məktəb binaları, uşaq bağçaları, modul tipli sutəmizləyici qurğular inşa edilib, yollar asfaltlanıb, yaşayış məntəqələri qazlaşdırılıb. Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun uğurlu davamının nəticəsidir.