CƏMİYYƏT
Ulu Öndərin qayğısı nəticəsində ATU-da zəngin maddi-texniki baza yaradılıb
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ümummilli Liderin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında əvəzsiz tarixi xidmətlərindən danışıb. Ulu Öndərin rəhbər dövlət vəzifələrində çalışdığı müddətdə gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında məlumat verən rektor bildirib ki, Ümummilli Liderin diqqət və qayğı göstərdiyi sahələrdən biri də səhiyyə olub. Ulu Öndərin səhiyyə sahəsinin inkişafı istiqamətində əvəzsiz işlər gördüyünü deyən G.Gəraybəyli, tibb müəssisələrinin əsaslı təmir edildiyini, yeni səhiyyə ocaqları tikildiyini, tibb bu müəssisələrinin müasir avadanlıqlarla təchiz olunduğunu xatırladıb. Bildirilib ki, Ümummilli Lider Azərbaycan dövlətçiliyinin ən ağır məqamında xilaskar şəklində hakimiyyətə gəlib, ölkəmizi parçalanmaqdan qoruyub.
Digər çıxış edənlər qeyd ediblər ki, Ümummilli Lider hələ XX əsrin 70-80-ci illərində ilk dəfə respublikaya rəhbərlik etdiyi dövrdə Tibb İnstitutuna xüsusi diqqətlə yanaşıb. Ulu Öndərin qayğısı nəticəsində ATU-da zəngin maddi-texniki baza yaradılıb, tədris korpusu, tələbə yataqxanası, xəstəxana və poliklinikalar tikilib istifadəyə verilib, elmi-tədqiqat laboratoriyaları müasir cihazlar və avadanlıqla təchiz edilib. Bu isə elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan verib.