ELM VƏ TƏHSİL
Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı xalqın qurtuluşu oldu
Bakı, 14 iyun, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Turizm və Menecment Universitetində tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, rektor səlahiyyətlərini icra edən, dosent Eldar Aslanov çıxışında bu böyük tarixi hadisəni şərh edib. Qeyd olunub ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələr məkanında nəzərəçarpan dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanıldı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində, o cümlədən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması istiqamətində mühüm addımlar atıldı. 1994-cü ilin mayında ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən atəşkəs elan olundu. Bu gün müstəqil Azərbaycan Respublikası tərəqqi yolunda inamla irəliləyir, möhkəmlənir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlərə imza atır.
Tarix elmləri namizədləri İbrahim Əliyev və Məhərrəm Zülfüqarlı çıxışlarında XX yüzillikdə ikinci dəfə yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycanın 1993-cü ildə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üzləşdiyi zaman məhz Heydər Əliyevin xilaskar rəhbər kimi qayıdışını və ölkənin xaotik vəziyyətdən xilas olduğunu tutarlı faktlarla diqqətə çatdırıblar. Vurğulanıb ki, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı xalqın qurtuluşu oldu.