MƏDƏNİYYƏT
Ulu Öndərin xatirəsinə həsr edilmiş kitabların təqdimatı keçirilib
Bakı, 13 dekabr, Z.Mansurova, AZƏRTAC
Beynəlxalq Mətbuat Mərkəzində “Qafqaz Media” İctimai Birliyinin təşkilatçılığı ilə gənc tədqiqatçı Leyla Məmmədəliyevanın “Elçin publisistikasında “Tənha adam” - Ulu Öndər obrazı” və “Anarın Ümummilli Liderlə “Unudulmaz görüşləri” adlı iki kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri Azadə Hüseynova kitablar haqqında fikirlərini bölüşüb. Hər iki tanınmış ədəbiyyat xadiminin, Xalq yazıçıları - Elçin və Anarın ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərini əks etdirən kitablarını tədqiqata götürən gənc alimin cəsarətli addımını alqışlayıb.
Tədbirdə Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin ölkənin siyasi nüfuzunun artmasında, iqtisadiyyatının güclənməsində, hərbi qüdrətinin möhkəmlənməsində, elm, incəsənət və ədəbiyyatının çiçəklənməsində böyük qayğısından söhbət açılıb. Bildirilib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir.
Müəllifin cəsarətli addımı onun müəllimləri tərəfindən də müsbət dəyərləndirilib, hər kəs gənc alimə elmin çətin yollarında uğurlar diləyib.
Tədbirdə Ulu Öndərə həsr edilmiş şeirlər səsləndirilib.
Sonda L.Məmmədəliyeva öz elmi fəaliyyətində ona dayaq olan hər kəsə minnətdarlığını bildirib.