REGİONLAR
Ulu Öndərin xilaskarlıq missiyası dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
Naxçıvan, 13 iyun, AZƏRTAC
Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın istək və tələbi ilə 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı və iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi xalqımızın Ulu Öndərin xilaskarlıq missiyasına olan ümid və inamının göstəricisi idi. Onun xilaskarlıq missiyası dövlətçilik tariximizin səhifəsinə qızıl hərflərlə yazıldı, 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Qurtuluş Günü münasibətilə muxtar respublikanın 215 ümumtəhsil məktəbi ilə Heydər Əliyev Muzeyi arasında təşkil olunan interaktiv dərsdə muzeyin direktoru Ramil Orucəliyev səsləndirib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Qurtuluş Günü mənim həyatımda” mövzusunda keçilən açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev əvvəlcə muzey barədə şagirdlərə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il mayın 10-dan fəaliyyət göstərir. Muzey müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Ulu Öndərin ictimai-siyasi fəaliyyətinə dair materialların toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, tədqiq və təbliğini həyata keçirən elmi-tədqiqat müəssisəsidir.
“Muzey fondunda 4656 ədəd eksponat toplanıb”, – deyən Ramil Orucəliyev bildirib ki, bu eksponatlar ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, dahi şəxsiyyətin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.
Muzeyin direktoru qeyd edib ki, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan 1993-cü ilin iyun ayına qədərki müddətdə böhranlar, xaos və çaxnaşmalarla qarşılaşmışdı. AXC-Müsavat iqtidarının hakimiyyəti dövründə idarəetmədə buraxılan kobud səhvlər, yaranmış ağır sosial-iqtisadi gərginlik və hakimiyyət davası ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Cəbhədəki məğlubiyyətlər, torpaqların itirilməsi yeni-yeni faciələrin baş verməsinə səbəb olmuşdu. Gəncədə 1993-cü ilin iyun ayında baş verən hadisələr vəziyyəti daha da ağırlaşdırmışdı. Məhz belə bir vaxtda, xalqın çətin günündə onu bu bəlalardan xilas edə biləcək tarixi bir şəxsiyyətin, müdrik siyasi xadimin hakimiyyətə gəlişi labüd idi. Vəziyyətdən çıxış yolu arayan Azərbaycan xalqı haqlı olaraq nicat yolunu ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Xalqının çağırışına biganə qala bilməyən Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışı insanların qəlbində sönmüş müstəqillik arzularını yenidən alovlandırdı.
Ramil Orucəliyev şagirdlərin nəzərinə çatdırıb ki, ötən dövr ərzində ölkəmizin nail olduğu hərtərəfli inkişafı muxtar respublikanın simasında daha aydın görmək mümkündür. Milli Qurtuluşun işığında böyük və şərəfli yol keçən qədim diyarımızda cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların, dövlət proqramlarının həyata keçirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası bu gün ən müasir diyara çevrilib. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada Milli Qurtuluşun bəhrələri görünməsin. Yeni məktəblər, səhiyyə ocaqları, mədəniyyət müəssisələri, rahat və abad yollar, gözəl yaşayış binaları son 24 ildə əldə etdiyimiz hərtərəfli inkişafın nəticəsində həyata vəsiqə qazanıb. İndi hər kəs Milli Qurtuluşun bəhrələrini görür, ulu öndər Heydər Əliyevin bu gün də uğurla davam etdirilən dövlətçilik siyasətini, quruculuq missiyasını müdafiə edir, Ümummilli Liderin yoluna sədaqət göstərir. Çünki bugünkü firavan həyatımızın təməli məhz görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulub.