SİYASƏT
Ulu öndər Heydər Əliyev Azərbaycanda multikultural ənənələrin inkişafında böyük rol oynayıb
Bakı, 24 aprel, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi məsələlərinə həsr olunan növbəti metodik seminar keçirilib.
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov ulu öndər Heydər Əliyevin müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafı istiqamətində həyata keçirdiyi əvəzsiz işlərdən danışıb: “Ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixən sahib olduğu tolerantlıq ənənələrini və multikulturalizm dəyərlərini daha yüksək hüquqi və siyasi müstəviyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişafı sahəsində həyata keçirilən siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Məhz bu siyasi kursun nəticəsində multikulturalizm bu gün Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdəndir. Dünyanın müxtəlif ölkələrindəki ali təhsil müəssisələrində və ölkəmizdəki universitetlərdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi də bunun parlaq sübutlarından biridir. Belə seminarların təşkili sözügedən fənlərin tədris keyfiyyətinin daha da artırılması, qarşıda duran vəzifələrin həlli, mövcud problemlərin aradan qaldırılmasını birgə müzakirə etmək, ortaq nəticələrə gəlmək məqsədi daşıyır”.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov “Azərbaycan multikulturalizmi” fənninin hazırda dünyanın 15, ölkəmizin 40 aparıcı universitetində tədris olunduğunu xatırladıb, fənnin tədrisi istiqamətində müsbət təcrübənin və nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Etibar Nəcəfov tədris prosesinin elmi-metodiki təminatı sahəsindəki problemlərin də artıq həllini tapmaq üzrə olduğunu bildirib. Professor qeyd edib ki, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasindan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı artıq üç dildə - Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb və tədrislə məşğul olan müəllimlərə çatdırılıb, bu seriyadan digər nəşrlər də hazırlanır. “Azərbaycan multikulturalizmi” dərsliyi də bu günlərdə müəllim-tələbə heyətinə təqdim ediləcək.
Müxtəlif universitetlərdə adıçəkilən fənni tədris edən mütəxəssislərin də qatıldığı tədbirdə Ulu Öndərin Azərbaycan multikulturalizminin qorunması və inkişafı sahəsində əsasını qoyduğu işlərdən söz açılıb, eləcə də tədrisin keyfiyyətinin daha da artırılması, gələcəkdə layihənin miqyasının daha da genişləndirilməsi perspektivləri nəzərdən keçirilib, irəli sürülən təkliflər müzakirə edilib.