ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyev Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin universitetin foyesindəki büstü önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra AzTU-da təhsil alan xarici tələbələr universitetdəki Heydər Əliyev Mərkəzinə ekskursiya edib, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə tanış olublar.
Tədbirdə AzTU-nun prorektoru İsa Xəlilov müstəqil Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin mənalı həyat yolu, çoxcəhətli fəaliyyəti barədə məlumat verib, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıb. Prorektor əcnəbi gənclərə müdrik siyasətçi Heydər Əliyevin fəaliyyətini, siyasi bacarığını dərindən öyrənməyi, Ulu Öndərin bəşəri ədalətə, sülhə verdiyi töhfələrdən öz ölkələrində bəhs etməyi tövsiyə edib.
Dəyirmi masa arxasında davam etdirilən tədbirdə AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov görkəmli dövlət xadimi Heydər Əliyevin öz xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ümummilli Lider tarixin çətin və keşməkeşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb. Müdrik siyasətçi Heydər Əliyevin Azərbaycan tarixinin yetirdiyi ən parlaq simalardan biri, türk dünyasının və bütün dünyanın qüdrətli şəxsiyyəti olduğu vurğulanıb.
Milli Məclisin deputatı Fəzail İbrahimli, universitetin kafedra müdiri Sübhan Namazov Heydər Əliyev irsində vətən sevgisinin, azərbaycançılıq hissinin, xalq və millət sevgisinin xüsusi yer tutduğunu qeyd ediblər. Azərbaycançılıq qayəsinin ulu öndər Heydər Əliyevin nəzəri irsinin ən yüksək amalı olduğunu deyən natiqlər Ümümmilli Liderin zəmanəmizin diplomatiya tarixində silinməz iz qoyduğunu, xalqın yaddaşında ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət kimi qaldığını vurğulayıblar.