SİYASƏT


Ulu öndər Heydər Əliyev İran ilə münasibətlərin inkişafını daim diqqətə saxlayırdı

Təbriz, 9 dekabr, AZƏRTAC

Təbriz şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Qurani-Kərimdən ayələr oxunub. Azərbaycanın Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb.

Qeyd olunub ki, Ulu Öndərin hələ keçmiş SSRİ dövründə Azərbaycanda siyasi hakimiyyətdə olduğu zaman ölkə iqtisadiyyatının dirçəldilməsi və məqsədyönlü təhsil siyasəti XX əsrin sonlarında dövlət müstəqilliyimizi bərpa edərkən köməyimizə çatdı. Bütün sahələrdə milli kadrların yetişdirilməsi öz bəhrəsini verdi.

Baş konsul diqqətə çatdırıb ki, Azərbaycan dövlət müstəqilliyinin ilk illərində ciddi problemlərlə qarşılaşmışdı. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsi və təsadüfi adamların hakimiyyət başına gəlməsi xaos yaratmışdı. Belə bir vaxtda ümummilli lider Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı xalqda gələcəyə inam yaratdı. Lakin Moskvanın diktəsi ilə hərəkət edən o dövrün hakimiyyəti Heydər Əliyevi rahat buraxmırdı. Ulu Öndər Naxçıvana gəldi. Azərbaycan anarxiya girdabında çırpınarkən xalq ayağa qalxaraq Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsində qurtardı. Heydər Əliyev böyük uzaqgörənliklə Ermənistanın torpaqlarımıza təcavüzünü dayandıraraq, atəşkəsə nail oldu. Düşünülmüş neft strategiyası ilə ölkəmizin işıqlı gələcəyinin yolunu müəyyənləşdirdi.

Vurğulanıb ki, Ulu Öndər mehriban qonşuluq və səmimi dostluq siyasəti ilə sülhə, sabitliyə və inkişafa böyük töhfələr verib. Azərbaycanın yaxın qonşusu və dostu İran İslam Respublikası ilə münasibətlərin inkişafını həmişə diqqətə saxlayıb. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra İran-Azərbaycan münasibətləri inkişaf etməyə başladı. Hazırda ölkələrimiz arasında əməkdaşlıq uğurla davam etdirilir.

Sonra ehsan süfrəsi açılıb.

Anım mərasimində İranın Şərqi Azərbaycan Vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktoru Məhəmməd Məhəmmədpur, vilayətin dövlət rəsmiləri, Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan Vilayətindəki Nümayəndəliyinin sədri Əhməd Müntəzəmi, Şimal-Qərb Nümayəndəliyinin məsul şəxsləri, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin təmsilçiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Təbriz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.