ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycan tarixində əbədiyaşar mövqe qazanıb
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anma günüdür. Öz fəaliyyəti ilə tariximizin ən şərəfli səhifələrini yazan, müasir müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyev azərbaycanlı olmasından böyük qürur duyduğu kimi, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar da Ulu Öndər ilə fəxr edir, qürur duyurlar.
Xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış, ölkəmiz, xalqımız üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli lider Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşür. Bu ömrün hər günü xalqa, dövlətə xidmətin müqayisəedilməz örnəyi olub. Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmış görkəmli dövlət xadimi Heydər Əliyev tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran nadir şəxsiyyətlərdən idi. Müdrik rəhbər Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərdə özünə əbədi yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Biz bu tarixi unutmuruq və unuda bilmərik. Cismən yoxluğuna alışa bilmədiyimiz ötən illər ərzində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin Fəxri xiyabanda uyuyan məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilib, hər il minlərlə insan xiyabana axın edir, Ulu Öndərin xatirəsinə ehtiramlarını ifadə edirlər.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) AZƏRTAC-a bildiriblər ki, dekabrın 12-də bu ali məktəbin rektoru, professor Gülçöhrə Məmmədova, müəllim və tələbələr Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Qırx il bundan əvvəl Ulu Öndərin təşəbbüsü ilə yaradılmış AzMİU-nun kollektivi həmişə görkəmli dövlət xadimi Heydər Əliyevi böyük hörmət və məhəbbətlə yad edir, onun xatirəsini əziz tutur. Bu il də dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini anma günü AzMİU-da geniş qeyd olunub. Universitetdə Ümummilli Liderin həyat yolu və fəaliyyətinə həsr olunan müxtəlif tədbirlər, “açıq dərs”lər keçirilib, filmlər nümayiş olunub.