REGİONLAR
Ulu öndər Heydər Əliyev misilsiz xidmətləri ilə xalqımızın yaddaşına əbədi həkk olunub VİDEO
Ağcabədi, 9 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan növbəti açıq dərsdə şəhər 9 nömrəli və Şərəfxanlı kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, şagirdlər əvvəlcə Ulu Öndərin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyub, Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, Ağcabədi rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə tanış olub, internet vasitəsilə dahi liderimiz haqqında daha dolğun məlumatlar əldə ediblər.
“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" mövzusunda keçirilən dərsdə slaydlardan istifadə edilməklə şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin irsi, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ulu öndər Heydər Əliyev misilsiz xidmətləri ilə xalqımızın məhəbbətini qazanıb, onun yaddaşına əbədi həkk olunub.
Mayın sonunadək davam edəcək açıq dərslərdə rayonun 62 ümumtəhsil məktəbinin on birinci siniflərinin 1681 nəfər şagirdi iştirak edəcəkdir.