REGİONLAR
Ulu öndər Heydər Əliyev ölkəmizin gələcək inkişafında təhsilin xüsusi rolunu həmişə yüksək qiymətləndirib
Naxçıvan, 4 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən silsilə tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı olaraq ali təhsil ocağında “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələlərinin xüsusi yer tutduğunu bildirib.
Qeyd olunub ki, Ulu Öndər ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə yüksək qiymətləndirib. Bu gün müstəqil Azərbaycanda və оnun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin tərkib hissəsidir.
“Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edən NDU-nun fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, professor Elbəyi Maqsudov vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşib. Qəbul olunmuş qərarlar, imzalanmış fərman və sərəncamlar müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına uyğunlaşdırılmasını şərtləndirib.
Sonra həmin kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Quliyevanın “Ümummilli lider Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ümummilli lider Heydər Əliyevin bu ali təhsil ocağının müqəddəratında, təşəkkülündə və inkişafında mühüm rol oynadığını, dəfələrlə universitet kollektivi ilə görüşərək tarixi çıxışlar etdiyini, NDU-nu Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biri kimi yüksək qiymətləndirdiyini bildirib.