SİYASƏT


Ulu öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir

Bakı, 3 may, AZƏRTAC

Ombudsman Aparatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı toplantı keçirilib. Toplantıda insan hüquqları üzrə müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları da iştirak ediblər.

Ombudsman Elmira Süleymanova çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin həyatı və gərgin fəaliyyəti onun şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir. Belə ki, bu dünya şöhrətli siyasətçinin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, xalqın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitlik, qanunun aliliyi təmin edilib, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində real addımlar atılıb, bununla da Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlanıb.

E.Süleymanova onu da vurğulayıb ki, Ümummilli Liderimizin diqqətindən kənar qalan heç bir sahə olmayıb. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquq və azadlıqları təmin olunub, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir. Belə ki, onun təşəbbüsü və səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, insanların sosial rifah halının yüksəldilməsinə, qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə şərait yaradıb.

Qeyd olunub ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası məhz Ümummilli Liderimizin rəhbərliyi ilə hazırlanıb və 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Bu ali sənədin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılıb, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunub. Ulu Öndərin hakimiyyəti zamanı insan hüquq və azadlıqlarının təmini məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik aktları qəbul olunub, fərman və sərəncamlar imzalanıb. 1993-cü ildən respublikamızda ölüm cəzasının tətbiqi üzərində veto qoyulub, 1998-ci ildən isə ölüm cəzası ləğv edilərək ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

Prezident Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycanda əfv institutu bərpa edilib. 1995-2003–cü illərdə Ulu Öndər tərəfindən 32 əfv fərmanı və sərəncamı imzalanıb. Ümumiyyətlə, dövlətimizin humanist siyasəti nəticəsində 1995-2017-ci illər ərzində 62 əfv fərmanı və sərəncamı imzalanıb ki, bununla da minlərlə insan azadlığa qovuşub.

Heydər Əliyevin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı insan hüquqları sahəsində ən mühüm sənədlərdəndir. İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında ilk dəfə “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” təsbit olunub.

Ombudsman təsisatının Azərbaycanda özülünün qoyulması və inkişafı bilavasitə dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi insan hüquqları sahəsində həqiqətən böyük dönüş nöqtəsi oldu.

Ümummilli Liderimizin siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları sahəsində islahatlar nəticəsində Azərbaycan bir çox göstəricilər üzrə sürətlə inkişaf edən öndər ölkəyə çevrilib.

Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxış edərək, müvəkkilin tapşırığı ilə regionlarda Heydər Əliyevin 94-cü ildönümünə həsr edilmiş tədbirlərin keçiriləcəyini və bununla bağlı hazırlıq işlərinin aparıldığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.