SİYASƏT
Ulu öndər Heydər Əliyev tarixin yaddaşında əbədiləşən ən böyük azərbaycanlıdır VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyev misilsiz xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşən ən böyük azərbaycanlıdır. Ümummilli lider Heydər Əliyev çağdaş Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalıb və qalacaq. Azərbaycan xalqı bu dahi övladı ilə haqlı olaraq fəxr edir.
Bu fikirlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar dekabrın 11-də AZƏRTAC-da keçirilən anım tədbirində səsləndirilib.
AZƏRTAC-ın həmkarlar ittifaqı komitəsinin və Yeni Azərbaycan Partiyasının “Xəbərlər Ajansı” ərazi ilk təşkilatının birlikdə keçirdikləri anım mərasiminin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin agentliyin binasının foyesindəki abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər bildiriblər ki, ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində azərbaycançılıq məfkurəsi əsas prinsip olub. Bu məfkurə müstəqillik illərində daha da inkişaf edərək milli dövlətçiliyimizin sarsılmaz dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycanda hansı sahəyə üz tuturuqsa, orada Ümummilli Liderin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük.
Qeyd olunub ki, respublikamızda və dünyanın müxtəlif ölkələrində ümummilli lider Heydər Əliyevin anım mərasimlərinin keçirilməsi bu dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramın və tükənməz sevginin bariz göstəricisi olmaqla yanaşı, Ulu Öndərimizin qurub yaratdığı müasir müstəqil Azərbaycana hörməti nümayiş etdirir.
Tədbirdə bildirilib ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin praqmatik lider və dövlət başçısı kimi Heydər Əliyev ideyalarını uğurla həyata keçirməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, dünya birliyində özünə layiqli yer tutur.