REGİONLAR
“Ulu öndər Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilib
Naxçıvan, 29 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində müstəqil ölkəmizin, o cümlədən muxtar respublikanın iqtisadi inkişafı davamlı xarakter alıb.
Naxçıvan Dövlət Universitetinin (NDU) Mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikir universitetin İqtisad fakültəsində “Ulu öndər Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı” adlı beynəlxalq konfransda səsləndirilib.
Konfransda NDU-nun elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev çıxış edərək Ümummilli Liderin ictimai-iqtisadi həyatın bütün sahələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.
İqtisad üzrə fəlsəfə doktoru, dosent Teymur Abbasov “Naxçıvan Muxtar Respublikasında aqrar bazarın təşkili və perspektiv inkişafında sahibkarlığın rolu” mövzusundakı çıxışında bildirib ki, muxtar respublikada aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Belə ki, ötən dövr ərzində torpaq sahələrinin meliorativ cəhətdən münbitləşdirilməsi və suvarma suyuna olan tələbatın ödənilməsi nəticəsində kənd təsərrüfatı sahəsində mövcud problemlər tam aradan qaldırılıb. Muxtar respublika Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Heydər Əliyev Su Anbarının, Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin tikilib istifadəyə verilməsi, Arpaçay və Uzunoba su anbarlarının əsaslı təmir olunması, sahibkarların lazımi texnika və avadanlıqlarla vaxtında və güzəştli şərtlərlə təmin edilməsi aqrar sektorun inkişafına təkan verən amillərdəndir.
“Naxçıvan iqtisadiyyatı yeni inkişaf mərhələsində” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Əməkdar İqtisadçısı, professor Tofiq Hüseynov qeyd edib ki, aparılmış genişmiqyaslı işlərin, ardıcıl siyasətin nəticəsində muxtar respublikada bütün əsas kənd təsərrüfatı məhsulları üzrə daxili tələbat tam ödənilir. Son dövrlərdə Naxçıvan Muxtar Respublikasında müasir texnologiyalara əsaslanan iri sənaye müəssisələri və komplekslərinin, çoxsaylı yüngül və yeyinti sənayesi məhsulları və tikinti materialları istehsal edən müəssisələrin, geniş aqro-emal sənaye komplekslərinin yaradılması şəhərlə yanaşı, kənd əhalisinin də işlə təmin olunmasına əlavə imkanlar açıb, müəssisələrin yerli xammalla təchiz edilməsinə kömək göstərib.
İran İslam Respublikasının Təbriz Mizan Universitetinin müəllimi Əbolfəzl Souzani İranın kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətlərdən və qonşu ölkənin yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında qurulan iqtisadi əlaqələrdən bəhs edib.
Türkiyənin İqdır Universitetinin müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Polad Əliyev “Ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında rolu” mövzusunda çıxış edərək iki ölkə arasında tarixi köklərə dayanan sıx əlaqələrdən söz açıb.
Plenar iclasın sonunda “Heydər Əliyev – dahi şəxsiyyət” adlı sənədli film nümayiş olunub.
Sonra konfrans işini iki bölmə üzrə davam etdirilib.