CƏMİYYƏT


Ulu öndər Heydər Əliyev xalqımızın milli sərvəti, Azərbaycanın bəxtinə düşmüş tanrı payıdır

Bakı, 10 may, AZƏRTAC

Bu gün müasir müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyətinin nəticələri aydın şəkildə görünməsin. Bu gün Azərbaycanda Ümummilli Liderimizin ideyaları müasir şəraitə uyğun şəkildə uğurla həyata keçirilir. Böyük Öndərimizin əsasını qoyduğu bu strategiya onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində baş verən genişmiqyaslı dəyişikliklər, iqtisadi sabitlik və davamlı iqtisadi inkişafın təmin olunması, ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi, qlobal əhəmiyyətli, taleyüklü məsələlərin həlli, Bakının beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi bunun bariz göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə mayın 10-da Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsində keçirilən tədbirdə səsləndirilib.

Əvvəlcə tədbir iştirakçıları Penitensiar Tarix Muzeyində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən, keçdiyi şərəfli ömür yolundan və siyasi fəaliyyətindən geniş söz açıb, bu zəngin irsin təkcə xalqımız deyil, bütün bəşəriyyət üçün böyük töhfə olduğunu qeyd edib. C.Həsənov ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsindəki fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, dünya tarixində elə şəxsiyyətlər var ki, onlar təkcə öz xalqına, millətinə deyil, bütün bəşəriyyətə mənsub olublar. Məhz həmin şəxslərdən olan zəmanəmizin ən görkəmli simalarından biri, siyasi hakimiyyətin zirvəsində duran ümummilli lider Heydər Əliyev xalqımızın milli sərvəti, Azərbaycanın bəxtinə düşmüş tanrı payıdır. Ulu öndər Heydər Əliyevi bəşər tarixində öz ideyaları ilə cəmiyyəti irəliyə aparan, zamanın hərəkət dinamikasını qabaqlayan Corc Vaşinqton, Franklin Ruzvelt, Uinston Çörçil, Şarl De Qoll kimi siyasi nəhənglərlə müqayisə edərək hələ sağlığında canlı əfsanəyə çevrildiyini deyənlər heç də yanılmayıblar. Onun qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas böyük istedadı bizim hamımıza, onun müasirlərinə və həmvətənlərinə dərin təsir bağışlamış, Heydər Əliyev şəxsiyyəti milyonlarla insanın sevimlisi və idealına çevrilib. Onun gördüyü bütün işlər və söylədiyi fikirlər insanda heyrət doğurur.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrü Azərbaycanın ən yeni tarixində dönüş illəri, ictimai-iqtisadi həyatın, elm, mədəniyyət və incəsənətin sürətli tərəqqisi dövrü olub. Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi və iqtisadi inkişafı, müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensial imkanlar hesabına təmin olunub. Ulu öndər Heydər Əliyevin ən böyük xidməti Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlaması, onun əbədi və dönməz olması, ölkəmizin dünya birliyində layiqli yer tutmasını təmin etməsi olub. Azərbaycan bu gün müasir dünyada “imzası imzalar içində olan” azad və müstəqil dövlətə çevrilib.

“Bu gün hər birimizin ən ali borcu ulu öndər Heydər Əliyevin bizə bəxş etdiyi müstəqil Azərbaycanı qoruyub saxlamaq, onu daha da inkişaf etdirməkdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd edərkən bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin çoxminli kollektivi onun müəyyənləşdirdiyi milli inkişaf strategiyasının həyata keçirilməsində öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq”, - deyə C.Həsənov qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı xalqımızın tarixində dahi şəxsiyyət Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən söz açıb, dövlətimizin xarici siyasət strategiyasının müəyyənləşdirilməsində və həyata keçirilməsində Ulu Öndərin tarixi xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dahi şəxsiyyətlərdən biridir. Bu gün həyatımızın bütün sahələrində əldə olunan nailiyyətləri məhz Heydər Əliyev kursuna sadiqliyin nəticəsi kimi dəyərləndirən natiq Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müəyyən olunan və elmi əsaslara söykənən yeni iqtisadi strategiya nəticəsində ölkəmizin mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.