REGİONLAR
Ulu öndər Heydər Əliyev xalqın qəlbində özünə əbədi heykəl ucaldıb
İsmayıllı, 16 iyul, AZƏRTAC
İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Ulu Öndərin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, məşğələ iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gələrək, Ulu Öndərə ehtiramlarını bildiriblər. Sonra məşğələnin keçirildiyi Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilən sərgi ilə tanışlıq olub.
Məşğələni YAP rayon təşkilatının sədr əvəzi, rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb, dövlət qulluğu veteranı Valeh Salehov “Azərbaycan tarixinin Heydər Əliyev epoxası” mövzusunda məruzə edib. Natiqlər bildiriblər ki, görkəmli dövlət və siyasi xadim Heydər Əliyev ölkəmizə rəhbərliyinin hələ birinci dövründə Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, müstəqilliyimizin təminatı üçün möhkəm bünövrə qoyub. Qeyd olunub ki, Ulu Öndər müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqın qəlbində özünə əbədi heykəl ucaldıb.
Məşğələdə Ümummilli Liderin 1981-ci il iyulun 23-də İsmayıllıya səfəri zamanı dahi rəhbəri ilk qarşılayanlar sırasında olan təhsil veteranı Yaşar Nuriyev, İvanovka kənd xəstəxanasının baş həkimi Mariya Prokofyeva və Talıstan kənd tam orta məktəbinin direktoru, Əməkdar Müəllim Aydın Əzizov çıxış edərək, xatirələrini bölüşüblər. Onlar Ulu Öndərin rayonun inkişafına, insanlara göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar.
Sonda Heydər Əliyev Mərkəzinin foyesində Vətənə, dahi rəhbərə həsr olunan mahnılardan, şeirlərdən ibarət bədii proqram nümayiş etdirilib.