SİYASƏT


Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi milli tariximizə unudulmaz bir gün kimi yazılıb

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 47-ci ildönümünə həsr olunan ümumrayon tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişini respublikamızın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazıldığını qeyd edib. Bildirib ki, Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi məmləkətini nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıtdı. Onun sayəsində iqtisadi siyasətin ana xətti olan qeyri-neft sektorunun çoxşaxəli, sürətli və səmərəli inkişafı təşkil edildi, eyni zamanda, həmin sahələrə aid müəssisələr, əsasən, perspektivli kiçik və orta şəhərlərdə yaradıldı. Heydər Əliyevin yorulmaz, məqsədyönlü və titanik fəaliyyəti, həyata keçirdiyi mötəbər tədbirlər Azərbaycanın müstəqilliyi, siyasi, iqtisadi gücü, dünyada tanınması üçün əvəzsiz və təkrarolunmaz təməl oldu. Bu gün Heydər Əliyev ideyasına sadiq qalan, onun dövlətçilik prinsiplərini rəhbər tutan, dünyada azərbaycançılıq ənənələrini zənginləşdirən, Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlərə imza atan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın diqqət mərkəzinə çevrildi.

Tədbirdə çıxış edən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Ulu Öndərin hakimiyyətə gəlişindən sonra sənaye, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə intibah dövrünün başlandığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Ulu Öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində qabaqcıl yerə keçib. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edirdi. Həmin tarixdən 47 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir.

Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, ulu öndər Heydər Əliyevi xatırlayarkən dahi bir insan, misilsiz düha sahibi, müdrik bir rəhbərlə eyni dövrdə yaşamağımızdan məmnun oluruq. Təqribən 35 il Azərbaycan dövlətinə başçılıq etmiş bu qüdrətli, dahi rəhbər özünəməxsus xüsusiyyətləri ilə seçilmiş, dünya siyasət məkanında əvəzsiz yer tutmuşdur.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasını yaratması və ona rəhbərlik etməsi olmuşdur. Belə ki, Heydər Əliyev ideyalarını qəbul edən minlərlə insan, eyni siyasi əqidə sahibləri bu partiyada birləşmişlər.

Bildirilib ki, Heydər Əliyevin Qaradağ rayonu ilə sıx bağlılığı olub. Onun dəfələrlə bu bölgəyə səfərləri rayon ictimaiyyətinin qəlbində unudulmaz, dərin izlər qoyub. Bu gün Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan Prezident İlham Əliyevin sayəsində etibarlı şəkildə qorunur və inkişaf etdirilir. Onun keçdiyi zəngin həyat yolu, təkrarsız dövlətçilik ənənələri bir məktəb olaraq daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq. Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin parlaq ideyaları qəlbimizdə əbədi yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.