SİYASƏT
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr tariximizin parlaq səhifələridir
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Nəsimi rayonunda ictimaiyyət nümayəndələri ilə “Azərbaycan ideologiyasının tarixi kökləri” mövzusunda görüş keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov zəngin və qədim tarixə malik Azərbaycanın sivilizasiyanın ən qədim mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, qonşu dövlətlər Azərbaycanı təsir dairələrinə salmaq uğrunda daim müharibələr aparıblar. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsi Azərbaycanı iki yerə bölüb. Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İran dövlətinin tərkibinə qatılıb. 1918-ci ilin mayın 28-də Azərbaycan müstəqil dövlət elan edilib. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelin 28-də süquta uğrayıb. Nəhayət, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa edib.
Müasir Azərbaycan ideologiyasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən A.Əsgərov deyib ki, Heydər Əliyev 1969-cu ildə rəhbər seçiləndə Azərbaycan geridə qalmış aqrar respublika idi və ölkənin mədəni, sosial həyatında durğunluq yaşanırdı. Qısa bir zaman kəsiyində Heydər Əliyev Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardı, ölkəmizin gələcəkdə müstəqil yaşaması üçün lazım olan bütün işləri gördü. Heydər Əliyevin rəhbər seçilməsi Azərbaycanın taleyində və tarixində dönüş nöqtəsi oldu. Onun təşəbbüsü ilə xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi. Tarixi hadisələrin sonrakı gedişi sübut etdi ki, Heydər Əliyev respublika rəhbəri kimi 1969-1982-ci illərdə gördüyü işlərlə gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün münbit zəmin yaradıb. Həmin illərdə baş verən dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ölkəmizin indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970-1980-ci illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş güclü potensiala əsaslanır.
İcra hakimiyyətinin başçısı çıxışında 1993-cü ildə Azərbaycanın böhranlı vəziyyətə düşdüyünü, dağılmaq, parçalanmaq, müstəqilliyini itirmək, vətəndaş qarşıdurması təhlükəsi ilə üzləşdiyini xatırladıb. Vurğulayıb ki, həmin çətin vaxtlarda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı daha ağır faciələrdən xilas etdi. Ulu Öndərin gərgin fəaliyyəti, qətiyyəti və yenilməz iradəsi hesabına Azərbaycanın müstəqilliyi qorundu, respublikamızın gələcək təhlükəsizliyi və inkişafı təmin olundu. Bütün bunlar deməyə əsas verir ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Respublikamızın bir dövlət kimi tərəqqisi və dünya ölkələri içərisində özünə layiqli yer tutması Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Qeyd edilib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan ideologiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının apardığı siyasət nəticəsində müstəqilliyimiz daha da möhkəmlənib, respublikamızın iqtisadi qüdrəti artıb. Bu il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunması, eyni zamanda, “İslam Həmrəyliyi Oyunları”nın Azərbaycanda keçirilməsi, 54 müsəlman ölkəsini bir araya gətirən həmrəylik bayramı və Azərbaycan idmançılarının zəfəri Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və yorulmaz fəaliyyətinin bəhrəsidir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva milli- mənəvi irsimizin qorunması istiqamətində misilsiz fəaliyyət göstərir.
Vurğulanıb ki, cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərk edilməsi həyati zərurətə çevrilib. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. İyulun 12-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bildirib ki, cari ilin I yarısında Azərbaycanın inkişafı uğurla davam edib, ölkəmiz daha da güclənib. Həyata keçirilmiş tədbirlər nəticəsində respublikamızda 26 tibb müəssisəsi tikilib və təmir edilib. 20-dən çox modul tipli məktəb tikilərək istifadəyə verilib. Qeyri-neft iqtisadiyyatımız 6 ayda 1,7 faiz artıb, ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub, valyuta ehtiyatlarımız artaraq 40,6 milyard dollara çatıb.
Sonra görüş iştirakçılarına bu ilin birinci yarısında ərzində Nəsimi rayonunda görülmüş işlər barədə məlumat verilib. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.