SİYASƏT
Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
Bakı, 13 iyul, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 47-ci ildönümü Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində qeyd edilib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl Ulu Öndərin əziz xatirəsi onun məzarı önündə yad olunub.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Qeyd edilib ki, 47 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük səyləri, Vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. Heydər Əliyevin səyləri, bilik və bacarığı, gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovet İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrildi. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edildi, əhalinin şəraitinin yaxşılaşdırılması üçün geniş miqyaslı mənzil tikintisi layihələri həyata keçirildi. Görülən bütün işlərin ilhamçısı və onların başında duran isə məhz xalqımızın böyük oğlu Heydər Əliyev oldu.
Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev ölkəmizi parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük strateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev ideyaları, Heydər Əliyev yolu Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac verib. Muxtar respublikada Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olunub. “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikanın keçdiyi inkişaf yolu Ulu Öndərin ideyalarına sadiqliyin təcəssümüdür.
Sonda tədbir məruzə ətrafında çıxışlarla davam etdirilib.