SİYASƏT


Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47 ili tamam olur

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Ulu öndər Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Qısa zaman kəsiyində Ümummilli Lider xalqının əsrlər boyu uğrunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Bizləri ən yüksək məqama - müstəqilliyə qovuşdurdu. Dünyanın qabaqcıl xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Heydər Əliyev xəyalları belə çin etmək qüdrətini dəfələrlə ortaya qoydu. Dünyada insanın Vətənin timsalına çevrilməsi nadir hadisələrdəndir. Məhz ümummilli lider Heydər Əliyev də dünyada bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərdən biri oldu.

1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında Günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Bu danılmaz məntiqin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət yetirmək kifayətdir.

Ulu Öndər hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü. 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini 2 dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, xalqımızın güzəranı qat-qat yaxşılaşdırıldı. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artırıldı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın sayılıb-seçilən hərbi məktəblərində ordu quruculuğunun sirlərinə yiyələnirdi. Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqda özünü idarə etmək iqtidarında olan iki respublikadan birinə çevrilmişdi.

1993-2003-cü illərdə Ulu Öndər planetin nadir şəxsiyyətlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli Liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin labirintlərindən uğurla çıxdı. 1996-cı ildən Azərbaycan yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin ara verməyən məkirinə, min bir hiyləsinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı. Ümummilli Lider strateji hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyə nail olmaq məharəti, iqtisadi qüdrət, elmi-texniki tərəqqi, təhsil, müasir ordu quruculuğu, kadr hazırlığı, xalqın həyat şəraitinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması və s. ümummilli lider Heydər Əliyevin başlıca strateji hədəflərindən idi. Ümumilikdə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələlərini təşkil edib.

2003-cü ildən ötən zaman kəsiyi də ümummilli lider Heydər Əliyevin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. Bu gün ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir.

Ulu Öndərin adını daşıyan, beynəlxalq imici durmadan artan Heydər Əliyev Fondu da Heydər Əliyev mənəviyyat bulağından qaynaqlanır. Milli mənafeyə, soykökümüzə bağlı xeyirxah missiyası ilə seçilən Fond artıq sərhədləri aşıb, sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Fondun reallaşdırdığı orijinal tədbirlər sayəsində muğamımız və bənzərsiz mədəniyyətimiz qarşısında daim öz mədəniyyətləri ilə öyünən millətlər heyrətlərini gizlədə bilmir, Azərbaycanın mənəvi incilərini dünya mədəni irsi siyahısına salmaq məcburiyyətində qalırlar. Fondun fəaliyyətinin ən dəyərli məqamlarından biri də Azərbaycanın nəinki dünənini, eləcə də bugünkü zənginliyini, xüsusilə intellektual potensialını ortaya qoya bilməsi ilə bağlıdır.

Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi olan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadır. Ulu Öndər Azərbaycanın söykəndiyi dağdır. O dağın isə zirvəsi çox ucadır. Həmin uca zirvədən boylanan Günəşin - Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, xalqımızın xoş sabahına daim işıq salacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.