SİYASƏT


Ulu öndər Heydər Əliyevin Vətən sevgisi Azərbaycanın müstəqilliyini təhlükədən qurtarıb

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Pirallahıdakı 168 nömrəli tam orta məktəbin akt zalında dövlət müstəqilliyimizin bərpasının 25 illiyi münasibətilə yığıncaq keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov müstəqilliyimizin bərpasından ötən 25 il ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən danışıb.

Bildirilib ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunsa da Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra əldə edib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtarıb. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırıb.

Diqqətə çatdırılıb ki, bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə yüksəlib. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. Müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən yüksək dəyər ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin nəticəsidir.

V.Səfixanov çıxışında vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü çoxşaxəli, balanslı və düşünülmüş siyasət Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir.

Müstəqillik Günü münasibətilə Pirallahı rayonu ərazisində yaşayan 50-ə yaxın aztəminatlı ailəyə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.