ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz tarixi xidmətləri xatırlanıb
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Kooperasiya Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “İqtisadiyyatın kooperativ sektorunda innovasiyalar və yeni texnologiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə əklil qoyub, əziz xatirəsini yad ediblər.
Universitetin rektoru Eldar Quliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin doğma Vətən və xalq qarşısında misilsiz tarixi xidmətlərini minnətdarlıq hissi ilə xatırladıb. Rektor bu gün Azərbaycanın çox sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini vurğulayıb. Qeyd olunub ki, ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər Ulu Öndərin müdrik siyasətinin bəhrəsidir.
Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev ideyaları əbədiyaşardır.