ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyevin Vətən, xalq qarşısında tarixi xidmətləri əvəzsizdir
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anma mərasimi keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb.
1988-1992-ci illərdə ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşdiyini xatırladan direktor bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra respublikamız düçar olduğu bəlalardan qurtularaq inkişaf yoluna çıxıb. Böyük şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizdə siyasi sabitliyin təmin olunmasına və bütün sahələrdə uğurlu islahatların aparılmasına şərait yaradıb.
V.Əsgərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.
Ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən direktor ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universitetinin yaradılmasının bu qayğının parlaq nümunəsi olduğunu bildirib.