SİYASƏT


Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə çevrilib

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı, Səbail Rayon İcra Hakimiyyəti və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunan tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yoluna, çoxşaxəli siyasi fəaliyyətinə həsr edilən film göstərilib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın qədim və zəngin dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin özünəməxsus yeri var. Buna görə də Ulu Öndərin doğum günü Azərbaycanın bütün bölgələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində də geniş qeyd olunur, xatirəsi dərin ehtiramla anılır. Öz həyatını xalqının rifahına, ölkəsinin inkişafına həsr edən Ulu Öndər dühası, zəngin dövlətçilik təcrübəsi sayəsində keçmiş SSRİ kimi dünyanın ən böyük dövlətinin rəhbərliyinə yüksəlib. Ümummilli Lider Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızı keçmiş SSRİ-də geridə qalmış aqrar ölkədən ən qabaqcıl yerlərə çıxardı. Dahi rəhbər hələ sovet dövründə ölkəmizin idarə olunmasında azərbaycanlı kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırırdı. Müstəqilliyinin ilk illərində bütün sahələrdə tənəzzüllə, parçalanma təhlükəsi ilə üzləşən Azərbaycanı ulu öndər Heydər Əliyev xilas edərək dinamik inkişaf yoluna çıxardı. Ulu öndər Heydər Əliyevin adı bu gün Azərbaycan xalqının rəmzinə çevrilib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək deyib ki, dünyada insan üçün ən böyük nemət azadlıq, dövlət üçün isə müstəqillikdir. Əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu xoşbəxtliyin dəyəri ölçüyəgəlməzdir. Azərbaycan xalqı üçün xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət edib, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışıb. Heydər Əliyev azərbaycanlı olduğu ilə həmişə fəxr edirdi. Azərbaycan xalqı Heydər Əliyev kimi dahi rəhbəri, ümummilli lideri olduğu üçün xoşbəxtdir. Həm də ona görə xoşbəxtdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Azərbaycan tarixinin Heydər Əliyev dövrünü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmədiyini, mahiyyətcə yeni tarixin formalaşması kimi bir anlama uyğun gəldiyini vurğulayıb. O bildirib ki, Heydər Əliyev Azərbaycanın yeni tarixini yaradıb. Heydər Əliyevin tarixi rolu və xidmətləri daha çox qeyri-adi istedad və yaddaşa, universal biliyə, tükənməz səbrə və ən nəhayət, mahir liderlik keyfiyyətlərinə malik olması ilə əlaqədardır. Heydər Əliyev uzun bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Məhz buna görə də xalqımız Ulu Öndərin adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edib. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir.

“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünüb, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, onun ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə respublikamızla yanaşı, dünyanın əksər ölkələrində də silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev həyatı boyu Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır, sərt sınaqlarından çıxarıb. Müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsi, vətəndaş cəmiyyətinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin praqmatik fəaliyyəti sayəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasına daxil olub.

Tədbir bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.