REGİONLAR


Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib

A+ A

Astara, 9 dekabr, Bağır Əliyev, AZƏRTAC

Dekabrın 8-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anım günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, 13 il əvvəl - 2003-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşub. Xalqımızın yaddaşına əbədi həkk olmuş dahi şəxsiyyət hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.

Qeyd olunub ki, illər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, onun siyasi əzəməti, nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib.

Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strategiyasının bəhrəsidir.

Tədbirdə Ulu Öndərin mənalı ömür yolu və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən “Dahi şəxsiyyət - Heydər Əliyev” filmi nümayiş etdirilib.

Toplantıda Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov, rayon icra hakimiyyəti aparatının hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, təqaüddə olan dövlət qulluqçusu Kamil Kamilov, Astara rayon məhkəməsinin sədri Zamin İbrahimov, Astara Pedaqoji Kollecinin direktoru Yusif Şahnamazov çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.